Bizimlə əlaqə

Loqonun gücü: Nəyə görə loqo vacibdir?

Loqonun gücü: Nəyə görə loqo vacibdir?

Müasir dövrdə rəqabətin əsas rol oynadığı bir zamanda şirkətlər üçün yaxşı dizayn edilmiş loqo çox vacibdir. Bu bloq loqo yaradılmasının əsaslarını araşdırır və onun brendlər üçün hansı faydaları olduğunu vurğulayır.

 

İlk əvvəl bu suala cavab tapaq: Loqo niyə şirkətlər üçün vacibdir?
- Loqo brendin tanınmasını təmin etməklə yanaşı insanların yaddaşında vizual olaraq da yer alır. Bu da həm inam yaradır, həm peşəkarlığı çatdırır, həm də rəqiblərdən fərqlənməyə kömək edir.

 

Loqolar brend şəxsiyyətini necə təkmilləşdirir?
- Loqolar istehlakçılara biznesi asanlıqla tanımağa və yadda saxlamağa imkan verərək, brendin sürətli vizual təqdimatını çatdırır. Effektiv loqo dizaynı korporativ şəxsiyyəti dəstəkləyərək şirkətin nüfuzunu artırır.

 

Effektiv loqo dizaynı üçün əsas prinsiplər nələrdir və nədən başlamaq lazımdır?
- Uğurlu loqo unikal, sadə və yaddaqalan olmalıdır. O, brendin əsas dəyərlərini əks etdirməli və şəxsiyyətini effektiv şəkildə çatdırmalıdır. Bəs bu prosesə necə və haradan başlamaq lazımdır?

 

• Hazırlıq prosesi (Brief)
- Müştəri haqqında ətraflı məlumat: Brendin şəxsiyyəti, hədəf auditoriyası və dizayn seçimləri haqqında məlumat əldə edilməli;
- Məqsədin müəyyən edilməsi: Loqonun ötürməli olduğu mesaj və emosiyalar müəyyən edilməli.

• Araşdırma və təhlil
- Sənaye və rəqib analizi: Sektordakı trendlər, rənglər və uğurlu-uğursuz rəqib loqoları araşdırılır;
- Hədəf auditoriya analizi: Loqonun müraciət edəcəyi auditoriya analiz edilməlidir. Bu, loqonun üslubunu təyin edən əsas meyarlardan biridir.

• Konseptual dizayn
- “Brain storming” mərhələsi: Komanda yaradıcı ideyalar üzərində düşünərək eskizlər hazırlayır;
- Eskiz: Ən yaxşı ideyalar kağız üzərində və ya rəqəmsal olaraq eskizə çevrilir. Fərz edin ki, 10 ideyadan cəmi 3-ü səsvermə ilə sonda qalib ola bilir;
- Reviziya: Bu eskizlər – “qaralamalar” müştəri rəyinə uyğun olaraq yenidən işlənir.

• Son toxunuşlar və təhvil
- Son versiyanın hazırlanması: Təsdiq edilmiş dizayn yekunlaşdırılır və müxtəlif formatlarda çap edilir;
- Təhvil prosesi: Loqo müştəriyə müxtəlif fayl formatlarında təqdim olunur.

 

Loqo dizaynı zamanı aşağıdakı amilləri nəzərdən keçirmək lazımdır:
- Hədəf kütləsi: Auditoriyanızı və onların nə istədiklərini anlamağa çalışın;
- Brend kimliyi: Şirkətinizin dəyərlərini, missiyasını və unikal xüsusiyyətlərini əks etdirməli, orijinal və ümumi brend strategiyasına uyğun loqonu tərtib etməlisiniz;
- Trendlər: Loqonun müasir, amma həm də zamandan asılı olmayaraq, illər ötdükcə öz aktuallığını saxlayan bir loqo olmasına diqqət yetirməlisiniz;
- Rəng və üslub: Sektorla uyğunlaşan məşhur rəng sxemlərini və üslublarını təhlil etməlisiniz; 
- Unikallıq: Loqonuz rəqiblərinizin loqolarından fərqli və unikal olmalıdır. Bu, qarışıqlığın qarşısını almağa və markanı kopyalamaqdan qorumağa kömək edəcəkdir;
- Çoxyönlülük: Şirkətin loqotipi müxtəlif formatlarda və platformalarda işləməsini təmin edə bilməlidir;
- Tipoqrafiya: Loqotipinizdə mətn varsa, müvafiq şrift və ya şrift birləşməsini doğru seçmək vacibdir. Şriftlər oxunaqlı və qrafik elementlərlə ahəngdar şəkildə birləşdirməlidir;
- Mədəni aspektlər: Əgər brend beynəlxalq bazarlara çıxmaq istəyirsə, loqo, onun elementləri müxtəlif mədəniyyətlərdə birmənalı, ziddiyyətsiz qəbul olunmalıdır;
- Sınaq və rəylər: Testlərin keçirilməsi və hədəf auditoriyanızdan və maraqlı tərəflərdən rəy almaq loqonu təkmilləşdirməyə və onun gözləntilərə cavab verməsinə kömək edəcəkdir.

 

Neçə cür loqo növü mövcuddur?
1. Abstrakt: Abstrakt loqolar konkret obyekti və ya konsepsiyanı təmsil etməyən, lakin unikal simvollardan istifadə edərək brend mesajını çatdıran loqolardır. Bu tip loqolar brendin missiyasını və ya baxışını çatdırmaq üçün nəzərdə tutulub. Məsələn, Nike-nin "Swoosh" ("swoosh" sözü Nike-nin loqosunun 1971-ci ildə dizayn edilmiş rəsmi adıdır və mənası “sürətlə uçan bir şeyin çıxardığı səs” deməkdir) loqosu hərəkət və tərəqqini simvollaşdırır.

 

2. Maskot: Maskot loqolarında brendi təmsil edən və onun xarakterini əks etdirən xarakter və ya fiqur göstərilir. Bu tip loqolar əyləncəli və yaddaqalan olmaqla, daha çox dostluq hissini ötürür. Buna misal olaraq, KFC-nin Colonel Sanders loqosunu göstərmək olar. Belə ki, bu yaşlı adam brendin təsisçisini və məhsullarını təmsil edir.
 

3. Kombinasiya: Kombinasiya loqolarına simvol və ya loqomark ilə birlikdə brend adı da daxildir. Bu, brendi tanıtmağa çalışan və ya məşhurluğunu daha da artırmaq istəyən şirkətlər üçün yaxşı seçimdir. Buna nümunə olaraq, üç zolaq simvolu və marka adı birlikdə istifadə olunan Adidas-ı göstərmək olar. Adidas-ın hazırkı loqo dizaynı brendin kimliyini simvolizə edən "Üç Zolaq" kimi tanınan minimalist simvoldur. Üç zolaq dözümlülük, tərəqqi və hədəflərə çatmaq üçün qətiyyəti təmsil edir. Bu da həm idmançılara, həm də ümumi istehlakçı kütləsinə müraciət etməyə imkan verir.
 
4. Monoqram (Lettermark): Monoqram loqotipləri şirkətin baş hərfləri və ya abreviaturasından istifadə etməklə yaradılmış tipoqrafik loqolardır. Xüsusilə uzun adları olan şirkətlər üçün idealdır. Məsələn, IBM (International Business Machines) loqosu şirkətin baş hərflərindən ibarətdir.
 
5. Emblem: Emblem loqolarında ikonanın və ya gerbin içərisində hər hansısa simvolla yanaşı mətn yerləşdirilir. Adətən ənənəvi və klassik görünüşə sahib olur. Məsələn, Starbucks-ın dəyirmi loqosu su pərisi simvolunu və brend adını özündə birləşdirir.
 

6. Mətn loqolar (Wordmark): Mətndən ibarət loqotiplər yalnız şirkətin adını vurğulayan və unikal tipoqrafiya ilə təqdim olunan loqolardır. Bu tip loqolar brendin adı ilə vizual kimlik arasında güclü əlaqə yaradır. “Coca-Cola“nın əyri şriftlə yazılmış loqosu brendin adını güclü şəkildə vurğulayır. Hansı ki, bu loqo artıq illərdir ki, istehlakçıların şüuraltılarında öz yerini möhkəmlədib.
 
7. Piktoqrafik və ya simvol loqolar: Piktroqrafik loqolar brendin adına və ya konsepsiyasına əsaslanan xüsusi təsviri təmsil edir. Sadə dizaynları ilə məşhur olan bu loqolar daha çox yadda qalıcılığı ilə tanınır. Məsələn, Apple-ın hazırkı loqo dizaynı dişlənmiş alma şəklində minimalist görünsə də, dünya şöhrətinə sahibdir. Zamana meydan oxuyan bu loqo brendin innovativ, mürəkkəb imicini əks etdirir. 
 

Sadalanan loqo növlərindən hansını seçəcəyinizdən asılı olmayaraq, əsas logo dizaynınız sadə və yaddaqalan olmalı, hədəf auditoriyanız tərəfindən rahatlıqla tanınmalıdır. Yadda saxlaması çətin olan mürəkkəb loqolardan çəkinmək lazımdır. Brendinizin əsas mesajlarını effektiv şəkildə çatdıran və hədəf kütlənizin ehtiyaclarına uyğun gələn dizaynı seçməyə üstünlük verməlisiniz. Əgər peşəkar dəstək almaq istəyirsinizsə, Global Management-in yaradıcı və peşəkar marketinq komandası sizin üçün A-dan Z-yə loqo dizaynından brendinqə qədər hər bir dəstəyi göstərməyə hazırdır.