Min illər əvvəl misirlilər qanun və müqavilələri elan etmək üçün hündür daş obelisklərdən istifadə edirdilər. Zaman keçdikcə Amerikadakı tacirlər divarlara və hasarlara lövhələr çəkir və ya plakatlar yapışdırırdılar ki, yoldan keçənlərə yolboyu at yorğanları, revmatizm həbləri və s. faydalı əşyalar satdıqlarını bildirsinlər.
İlk reklam lövhələri – bilbordlar isə 1830-cu illərdə Nyu-Yorkda Jared Bell tərəfindən yaradılsa da, 1860-cı illərdə məşhurlaşmağa başladı. Bu bilbordlarda Barnum And Bailey kimi sirk aktyorları reklam olunurdu.
1860-cı illərdə müəssisələr açıq məkanlar aldılar və ondan bilbord nümayişləri üçün istifadə etməyə başladılar. Bunun nəticəsində də Amerikada bilbord sənayesi daha da inkişaf etməyə başladı. Bu dövrdə isə reklam lövhələri əl ilə rəsm edilir və ya rənglənirdi.
1872-ci ildə Sent-Luisdə “International Bill Posters’ Association” yaradıldı. Bu assosiasiyalar bilbord reklamlarının ölkə daxilində yayılmasına kömək etdi.
1889-cu ildə Paris Eksposunda ilk dəfə 24 səhifə-hissədən yaradılan bilbord təqdim edildi. Bu format reklam lövhələri üçün standart halına gəldi.
1900-cü ildə Amerikada standart bir bilbord strukturu quruldu və milli bilbord kampaniyalarında partlayış oldu. Palmolive, Kellogg və Coca-Cola kimi şirkətləri təmsil edən böyük reklamçılar bilbordların kütləvi istehsalına başladılar.
Henri Ford tərəfindən istehsal edilən Model T avtomobilləri populyarlaşandan sonra magistral yollar daha da inkişaf etdi və bu da bilbord reklamlarında artıma səbəb oldu. Reklamçılar anladılar ki, bu yollar və magistrallar bilbord reklamları üçün mükəmməl ərazilərdir.
Daş obelikslərdən rəqəmsal bilbordlara transformasiya nəticəsində bu yaradıcı lövhələr daha da inkişaf edərək reklam bazarındakı öz yerini hələ də qoruyur.