ISO sertifikatları keyfiyyət, ətraf mühit, təhlükəsizlik üzrə biznes idarəetmə sistemləri baxımından müəssisələr üçün əhəmiyyətli üstünlüklər təklif edir. Bu bloqda biz ISO sertifikatlarının şirkətlər üçün əhəmiyyəti, faydaları və üstünlükləri barəsində danışmaq istəyirik.
İş dünyasında artan rəqabət şəraitində bizneslər keyfiyyət standartlarını yüksəltmək və beynəlxalq səviyyədə tanınmaq üçün müxtəlif tədbirlər görürlər. Bu tədbirlər arasında ən çox yayılmış olan Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən müəyyən edilmiş ISO sertifikatlarıdır. ISO sertifikatları bizneslərə müxtəlif sahələrdə bu günün dünyası ilə ayaqlaşmaq üçün beynəlxalq standartlara cavab verməyi təklif edərək, eyni zamanda, müştərilərini keyfiyyət, təhlükəsizlik və ətraf mühitə uyğunluq mövzusunda əmin edir.
• Bəs ISO sertifikatlarının bizneslər üçün faydaları nələrdir?
Beynəlxalq Standartlaşdırma Təşkilatı biznesləri keyfiyyət, səmərəlilik, təhlükəsizlik və davamlılıq kimi sahələrdə müəyyən edilmiş standartlara əməl etməyə təşviq edərək, onlar üçün müxtəlif üstünlüklər təklif edir. Bunun müqabilində, keyfiyyətin idarə edilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə bütün bizneslərə ISO 9001 standartını əldə etmək tövsiyə olunur. ISO 9001 kimi ümumi qəbul edilmiş standartlar müəssisələrə məhsul və xidmətlərinin keyfiyyətini sübut etməyə və beynəlxalq müştərilərin etibarını qazanmağa kömək edir.
Səmərəlilik və xərclərin azaldılmasını nəzərə alsaq, ISO 9001-ə əlavə olaraq, ISO 14001 ətraf mühitin idarəetmə sistemi və ISO 45001 əməyin mühafizəsi və təhlükəsizliyi üzrə idarəetmə sistemi kimi standartları qeyd etmək olar. Bu standartlar müəssisələrə öz proseslərini optimallaşdırmaq və tullantıları azaltmaq imkanı təklif edir.
ISO standartları həm də yerli və beynəlxalq hüquqi qaydalara riayət etmək üçün mühüm vasitədir. Məsələn, ISO 27001 informasiya təhlükəsizliyi idarəetmə sistemi standartı bizneslərə məlumat təhlükəsizliyi ilə bağlı qanuni tələblərə əməl etməyə kömək edir.
Bizneslərə davamlı təkmilləşdirmə və innovasiya proseslərini gücləndirmək imkanı verən ISO sertifikatları onların biznes mühitində etibarlı və güclü reputasiyası olduğunu da sübut edir.
Nəticə etibarı ilə ISO sertifikatları bizneslərə geniş spektrli üstünlüklər təklif edir. Buna görə də hər bir müəssisə öz fəaliyyət sahəsinə və məqsədlərinə uyğun ISO standartlarını seçməklə bu üstünlüklərdən maksimum yararlana bilir. Gəlin, ISO sertifikatları ilə yaxından tanış olaq:
1. Keyfiyyətin idarə edilməsi: ISO 9001 müəssisələrə öz keyfiyyət idarəetmə sistemlərini müəyyən etməyə və təkmilləşdirməyə imkan verir. Bu standartı tətbiq edən bizneslər öz proseslərini daha effektiv idarə edir, müştəri məmnuniyyətini artırır və bazarda mövqeylərini gücləndirirlər.
2. Ətraf mühitin idarə edilməsi: ISO 14001 müəssisələrə ətraf mühitə təsirlərini azaltmağa, davamlılığını artırmağa kömək edir. Bu standart qanuni tələblərə əməl edərək ekoloji riskləri effektiv şəkildə idarə edir. Bu da müştəri və maraqlı tərəflərdə şirkət haqqında müsbət rəy yaradır. “Yaşıl” bazarlara çıxışı asanlaşdırır, ekoloji cəhətdən təmiz məhsul və xidmətlər təklif etməklə bazarın genişləndirilməsi imkanlarını da təmin edir.
3. Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə idarəetmə sistemi: ISO 45001 bu müəssisələrdə işçilərin sağlamlığını və təhlükəsizliyini təmin etməyə kömək edən standartdır. Bu, iş qəzalarını azaldaraq işçilərin müəssisələrdə sağlam şəraitdə çalışmasını dəstəkləyir.
• Fəaliyyət göstərdikləri sənayələrdən asılı olaraq bizneslərin əldə edə biləcəyi digər beynəlxalq ISO sertifikatları aşağıdakılardır:
4. Sosial məsuliyyətin idarə edilməsi: ISO 26000 bizneslər üçün sosial məsuliyyətlərini başa düşməyə və idarə etməyə kömək edən standartdır. O, davamlılıq prinsipinə əsaslanaraq maraqlı tərəflərlə şəffaf ünsiyyəti təmin edir, etik davranışını təşviq edir və onların cəmiyyət qarşısında öhdəliklərini yerinə yetirməsində dəstək olur. Bu həm də bizneslərin nüfuzunu artırır, çünki onlar cəmiyyət qarşısında öz sosial məsuliyyətlərini nəzərə alan və həyata keçirən bir təşkilat kimi qəbul edilirlər.
5. Rüşvətxorluğa qarşı idarəetmə sistemi: ISO 37001 bizneslərə rüşvət və korrupsiyaya qarşı mübarizədə effektiv yanaşmanın mənimsənilməsini təmin etməklə öz reputasiyalarını qorumağa kömək edir. Bu, həm də bizneslər üçün öz anti-korrupsiya siyasətlərini və proseslərini davamlı olaraq nəzərdən keçirməyə və təkmilləşdirməyə imkan verir.
6. İnformasiya təhlükəsizliyinin idarə edilməsi: ISO 27001 standartın məqsədi biznesin daxili məlumatlarını qorumaq, informasiya təhlükəsizliyini və davamlı təkmilləşdirməni təmin etməkdir. Bu standart biznesləri qanuni və normativ tələblərə əməl etməyə və informasiya təhlükəsizliyi siyasətlərini təkmilləşdirməyə təşviq edir.
7. Müştəri məmnuniyyətinin idarə edilməsi: ISO 10002 bu müştərilərin şikayətlərini effektiv şəkildə idarə etmək və məmnuniyyəti artı rmaq üçün davamlı təkmilləşdirməni təmin etmək məqsədi daşıyır. Standart bizneslərə müştəri rəylərini toplamaq, təhlil etmək və cavablandırmaq imkanı verir ki, bu da müştəri münasibətlərini gücləndirir. ISO 10002 sertifikatı müəssisələrin nüfuzunu artıraraq müştərilərə şikayətlərin ciddi qəbul edildiyi və həll edildiyi etibarlı şirkət olduqlarını göstərir.
Bizneslərin ISO sertifikatlarını əldə etməsi üçün bir neçə mərhələdən keçməsi lazımdır. Bu zaman mövcud proseslər nəzərdən keçirilməli və xüsusi ISO standartına uyğunlaşmaq üçün lazımi hazırlıq prosesinə başlanmalı, məsul şəxslərə təlimlər keçirilməlidir. Daha sonra müvafiq qurumlara müraciət edərək sertifikatlaşdırma prosesinə başlanmalı və yoxlamalar aparılmalıdır.
Siz Global Management-in keyfiyyət təminatı və keyfiyyətə nəzarət komandasına müraciət edərək hazırlıq mərhələsindən ISO 9001, ISO 14001, ISO 45001 sertifikatlarını alınmasına qədər bizim xidmətlərimizdən yararlana bilərsiniz.