İT - İnformasiya Texnologiyaları nədir?
İnformasiya Texnologiyaları (İT) informasiyanın işlənməsi və saxlanması üçün texnologiya, proqram təminatı və texniki vasitələrdən istifadəni nəzərdə tutan xidmət növüdür. Bu da öz növbəsində kompüterləri, şəbəkələri, verilənlər bazalarını, proqram təminatını və s. əhatə edir. İT-ni effektiv şəkildə inteqrasiya edən şirkətlər artan səmərəlilik və məhsuldarlıq, təkmilləşdirilmiş kommunikasiya və əməkdaşlıq, məlumatların təhlili vasitəsilə daha yaxşı qərarların qəbulu, proseslərin avtomatlaşdırılması vasitəsilə xərclərə və vaxta qənaət, innovasiyalar vasitəsilə rəqabət üstünlüyü, təhlükəsizlik və risklərin idarə edilməsi daxil olmaqla, müxtəlif və çoxsahəli üstünlüklərə nail olurlar.
Bəs yeni bir biznes öz şirkətinin İT strukturunu necə qurmalıdır və İT xidməti ilə biznesini necə böyüdə bilər? İT-nin biznesinizi necə irəli apara biləcəyini öyrənmək üçün bu bloqu oxuyun.
İT infrastrukturunu necə quraşdırmaq olar?
İT infrastrukturu biznesinizin effektiv işləməsini təmin edən əsas təməldir (və ya bünövrədir). Çünki artıq rəqəmsallaşan dövrdə yaşayırıq. E-poçt, müştəri idarəetmə sistemləri (CRM), bir sıra sahələrdə minlərlə işin proqram təminatı (ERP) vasitəsilə idarə edilməsi, sənədlərin saxlanması kimi gündəlik tapşırıqlar üçün qüsursuz əlçatanlıq təqdim edir.
İT infrastrukturunun əsas komponentləri
• Aparat təchizatı və proqram təminatı - İT infrastrukturunun skeletini təşkil edən kompüterlər, serverlər və marşrutlaşdırıcılar kimi fiziki avadanlıq və bu aparat üzərində işləyən proqram təminatı biznesinizin beynidir. İlk olaraq, keyfiyyətli, müasir və etibarlı kompüter infrastrukturu təmin etmək üçün avadanlıqlar - serverlər, şəbəkə avadanlığı, iş stansiyaları və digər hesablama cihazları lazımdır. Daha sonra ehtiyaclarınıza uyğun xüsusi proqram təminatı hazırlanır və mövcud proqram təminatı ilə inteqrasiya təmin edilir. Bura həm də təhlükəsizlik protokollarının tətbiqi, məlumatların qorunması və müvafiq tədbirlərinin görülməsi və işin davamlılığının təmin edilməsi də daxildir.
• Şəbəkə və kommunikasiya – Lazımi avadanlıqlar quraşdırıldıqdan sonra şirkətin kommunikasiyası üçün şəbəkə sistemi – telefoniya sistemi quraşdırılmalıdır. Bu sistem biznesinizin müxtəlif departamentlərini birləşdirir, işçilər arasındakı məlumat axınını təmin edir və ən əsası istər şirkətdaxili, istərsə də kənar mühit üçün əməkdaşlar arasındakı ünsiyyəti asanlaşdırır. Wi-Fi, Bluetooth və NFC kimi simsiz həllər təklif edən bu sistem cihazlar arasında simsiz əlaqə yaradır, telefon sistemləri, zəng mərkəzləri və mini telefon stansiyaları yaratmaqla səsli rabitə ehtiyaclarını qarşılayır.
• Təhlükəsizlik və kriptoqrafiya - Məlumat təhlükəsizliyi İT infrastrukturunun ayrılmaz hissəsidir. Şirkətdaxili konfidensial məlumatların etibarlı şəkildə qorunması və idarə edilməsi də biznesin davamlılığı üçün vacibdir.
Bəs məlumat təhlükəsizliyi və kriptoqrafiya dedikdə nə nəzərdə tutulur?
1. Girişə nəzarət: İcazəsiz girişin qarşısını almaq üçün istifadəçinin autentifikasiyası və avtorizasiyası;
2. Şifrələnmə: Yalnız səlahiyyətli şəxslərin ona daxil ola bilməsi üçün verilənlərin şifrələnməsi və nəticədə məxfiliyin təmin edilməsi;
3. Şəbəkə təhlükəsizliyi: Firewall və VPN kimi texnologiyalarla məlumat axınının qorunması;
4. Data backup: Verilənlər bazası itkisinin qarşısını almaq üçün müntəzəm ehtiyat nüsxəsinin yaradılması;
5. Monitorinq və audit: Təhlükəli fəaliyyətləri aşkar etmək üçün sistemlərin davamlı monitorinqi;
6. Simmetrik kriptoqrafiya: Eyni açardan istifadə edən şifrələmə üsulu (məsələn, AES);
7. Asimetrik kriptoqrafiya: İki müxtəlif açarın istifadə edildiyi üsul (məsələn, RSA) ;
8. Heş (“hash”) funksiyaları: Məlumat heşinin yaradılması və idarə edilməsi (məsələn, SHA-256);
9. Rəqəmsal imzalar: Məlumatların bütövlüyünün və onun mənbəyinin düzgünlüyünün təmin edilməsi.
• Verilənlər Bazası İdarəetmə Sistemləri (DBMS) - Verilənlər Bazası İdarəetmə Sistemləri (DBMS) məlumatların təşkili, saxlanması və idarə edilməsi üçün istifadə olunan proqram təminatıdır. Bu sistemlər məlumatın dəqiq və aktual qalmasını təmin edir, icazəsiz girişin qarşısını almaqla məlumatların təhlükəsizliyini qoruyur və bizneslərə böyük həcmli məlumatları idarə etməyə kömək edir. DBMS verilənlər bazalarının strukturunu müəyyən etmək, verilənləri əlavə etmək və yeniləmək, istifadəçi girişinə nəzarət etmək üçün müxtəlif əmrləri özündə ehtiva edir. “Oracle”, “MySQL” və “SQL Server” kimi proqramları buna misal göstərmək olar. Məlumat cədvəllərdə təşkil edilə bilər (“relational” modeli) və ya daha çevik strukturlardan istifadə edilə bilər (“NoSQL” modeli). DBMS həmçinin məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsinin çıxarılmasını və itki olduğu halda bərpaoluna bilməsini təmin edir. Beləliklə, bununla da biznesin davamlılığını və performansın optimallaşdırılmasını təmin edə bilir.
• Veb-texnologiyaları – Artıq hər şey tamamlandıqdan sonra şirkətinizin veb-saytını tərtib etməyə başlamalısınız. Belə ki, PHP və digər veb-texnologiyaları veb-saytların hazırlanmasında, saxlanmasında və idarə olunmasında mühüm rol oynayır. PHP dinamik və interaktiv veb-saytlar yaratmaq üçün güclü vasitədir və müəssisələrin müxtəlif ehtiyaclarına uyğunlaşdırılmış həllər təklif edir. Bu texnologiyalar veb-saytların təhlükəsizliyini təmin edir, onların fəaliyyətinə nəzarət edir və idarə olunmasını asanlaşdırır. Nəticədə, veb-texnologiyalarından istifadə biznesin onlayn mövcudluğunu gücləndirir, satışları və müştəri təcrübəsini artıraraq biznesin öz məqsədlərinə çatmasını asanlaşdırır.
• Tətbiqlərin yaradılması və idarə olunması – Veb-saytı yekunlaşdırdıqdan sonra öz biznesinizə uyğun olduğu halda mobil tətbiqin yaradılmasına keçə bilərsiniz. Belə ki, əgər sizin onlayn satış mağazanız varsa, sizin müştəriləriniz mobil tətbiqdən alış-verişi etməyi daha üstün tutar, nəinki kompüterdən.
Tətbiqlərin hazırlanması və idarə olunması xidmətinə müştərilərin ehtiyaclarına uyğun gələn fərdiləşdirilmiş proqram təminatı həlləri yaratmaq və bu həlləri effektiv şəkildə idarə etmək daxildir. Bu prosesdə bulud texnologiyalarından istifadə etməklə proqramların paylanması və idarə olunması təmin edilir. Paylanmış sistemlərin quraşdırılması və idarə edilməsi də bu sahəyə daxildir. Əlavə olaraq, tətbiqin optimallaşdırılması, istifadəçi təcrübəsi (UX) və istifadəçi interfeysi (UI) dizaynı kimi proseslərin həyata keçirilməsi ilə insanlar proqramdan daha rahat istifadə edə bilir və bu da müştəri məmnuniyyətini artırır. Nəhayət, sayta məzmun yerləşdirməklə tətbiqin istifadəçilərlə qarşılıqlı əlaqədə olması təmin edilir.
Uğurlu İT İnteqrasiyası və inkişaf strategiyaları üçün bir neçə məsləhətimiz var:
1. Biznesinizin böyüməsinə töhfə verəcək İT sahələrini müəyyənləşdirin və yol xəritəsi (roadmap) yaradın;
2. Biznes ehtiyaclarınıza və büdcənizə uyğun alətlər və proqramlar seçin;
3. İşçilərinizin İT resurslarından tam istifadə edə bilməsi üçün təlimlər keçin;
4. Potensial riskləri azaltmaq üçün güclü kiber-təhlükəsizlik protokolları yaradın;
5. Ehtiyaclarınızı müəyyən etdikdən sonra sizə bu məsələlərdə uyğun həllər təklif edən ekspertlərə müraciət edin.
Nəticə olaraq, informasiya texnologiyaları (İT) düzgün strategiya ilə biznesinizin böyüməsinə və rəqabət üstünlüyü qazanmasına imkan yarada bilər.
Global Management bu istiqamətdə sizə bir neçə İT xidməti təklif edir:
1. Aparat təchizatı və proqram təminatı
2. Şəbəkə və kommunikasiya
3. Təhlükəsizlik və kriptoqrafiya
4. Verilənlər bazasının idarəetmə sistemləri
5. Veb-texnologiyaları
6. Tətbiqlərin yaradılması və idarə olunması
7. Veb-dizayn və UI/UX dizayn
8. İT layihə və məhsul dizaynı