EN Bizimlə əlaqə

35 Dollarlıq Loqodan 140 Milyardlıq İmperiyaya

35 Dollarlıq Loqodan 140 Milyardlıq İmperiyaya

35 Dollarlıq Loqodan 140 Milyardlıq İmperiyaya

Nike sadəcə bir idman brendi deyil. O, inqilabi dizayn, cəsarətli marketinq və emosional gücün bir simvoluna çevrilib. Bəs bu brend necə formalaşdı? Nike-in hekayəsi əslində çox sadə bir ideya ilə başladı: daha yaxşı idman ayaqqabısı hazırlamaq.

Gəlin, bu $140 milyardlıq imperiyanın keçdiyi yola birlikdə nəzər salaq.

Hər şey avtomobil baqajından başladı

1964-cü ildə Oregon ştatından olan gənc Phil Knight idman ayaqqabılarını maşınının baqajında satmağa başladı. Stanford Universitetində təhsil alan Knight Yaponiyadan idxal etdiyi "Onitsuka Tiger" (indiki ASICS) ayaqqabılarını yarışlarda və idman tədbirlərində satırdı. Brendin ilk adı Blue Ribbon Sports (BRS) idi və ilk ildə cəmi 8,000 dollar dövriyyəsi vardı. O zaman hələ heç kimin ağlına gəlməzdi ki, bu kiçik təşəbbüs bir gün dünyanın ən dəyərli brendlərindən birinə çevriləcək.

Atlet və məşqçi: mükəmməl komanda

Knight universitetdə orta səviyyəli bir atlet idi. Onun məşqçisi Bill Bowerman isə fərqli ayaqqabı dizaynlarına marağı olan biri idi. Bowerman Oregon Universitetinin məşhur atletika məşqçisi kimi atletlərin performansını artırmaq üçün daim yeni yollar axtarırdı. O, hər bir atletin ayaqqabısını əl ilə modifikasiya edərək onların sürətini və dayanıqlılığını artırmağa çalışırdı. Onlar birlikdə ilk prototipləri hazırladılar və hətta bu ayaqqabılarla qaçan Otis Davis 1960 Olimpiadasında qızıl medal qazandı. Bu da məhsulun real effektivliyini sübut edən ilk uğur idi.

Brend adı yuxu ilə gəldi

1971-ci ildə brend adını dəyişməli oldu. Knight "Dimension 6" adını təklif etsə də, komanda üzvü Jeff Johnson bir yuxuda Yunan Qələbə Tanrıçası olan Nike adını görmüşdü. Yunan mifologiyasında Nike qələbə və sürəti təmsil edirdi - idman brendi üçün mükəmməl simvol. Bu ad həm simvolik, həm də yadda qalan idi və seçim bu oldu. Maraqlısı odur ki, Johnson şirkətin ilk işçisi idi və onun intuisiyası brendin taleyini müəyyən etdi.

35 dollarlıq loqo - Swoosh 

Nike loqosu olan məşhur Swoosh Portland Dövlət Universiteti tələbəsi Carolyn Davidson tərəfindən cəmi $35 müqabilində çəkildi. Phil Knight ilk baxışda loqo üçün "Əla deyil... amma bəlkə sonra xoşuma gələr" desə də, bu simvol sonradan brendin ruhuna çevrildi. Swoosh dizaynı Nike tanrıçasının qanadlarından ilhamlanmışdı və hərəkət, sürət və dinamizmi əks etdirirdi.

Davidson sonradan təşəkkür əlaməti olaraq 500 Nike səhmi ilə mükafatlandırıldı. Bu səhmlər bu gün $1 milyon dəyərindədir. 1983-cü ildə Knight ona xüsusi hazırlanmış qızıl Swoosh sırğaları və səhm sertifikatı təqdim edərkən "Mən o qədər də pis müştəri deyiləm, elə deyilmi?" demişdi.

Bir səhv - bir ixtira: Waffle Trainer

Bir səhər Bowerman vafli hazırlayarkən vafli aparatına rezin tökdü. Bu təcrübə uğursuz olsa da, nəticədə "Waffle Trainer" ideyası doğuldu. 1974-cü ildə təqdim edilən bu model vafli dəmirinin naxışlarına bənzər altlığı ilə qaçış zamanı daha yaxşı tutunma təmin edirdi. Bu model Nike-in ilk böyük satış partlayışı oldu və 1979-cu ildə şirkət idman ayaqqabısı bazarının yarısını ələ keçirdi. Bəzən uğur təsadüfi səhvlərdən yaranır.

Jordan ilə başlayan əfsanə

1984-cü ildə Michael Jordan hələ Nike geyinmədən öncə onunla 500.000 dollarlıq müqavilə bağlandı. O zaman Jordan əslində Adidas ilə müqavilə imzalamaq istəyirdi, lakin Adidas rəhbərliyi bu təklifi rədd etdi. İlkin riskli qərar idi. Amma Air Jordan seriyası cəmi bir ildə $100 milyon gəlir gətirdi. 

Jordan ayaqqabıları NBA qaydalarını pozduğu üçün hər oyunda 5,000 dollar cərimə ödəməli olurdu, lakin Nike bu cərimələri ödəməyi öhdəsinə götürdü və bundan marketinq kampaniyası yaratdı. Bu seriya hələ də Nike-in ən gəlirli məhsul xəttidir və 2022-ci ildə təxminən 5 milyard dollar gəlir gətirib.

"Just Do It" – Tarixin ən təsirli sloqanı

1988-ci ildə Nike brendini tam fərqli bir səviyyəyə çıxaran sloqan ortaya çıxdı: Just Do It. İlham mənbəyi isə qeyri-adi idi - cinayətkar Gary Gilmore-un edam edilməzdən əvvəlki son sözləri: "Let's do it". Wieden+Kennedy reklam agentliyi bu ifadəni götürüb Nike-in fəlsəfəsinə uyğunlaşdırdı. Bu sloqan sadəcə idmançılara deyil, hər kəsə çatdı. "Bəhanələri bir kənara qoy və sadəcə et". Nike bunu marketinqin şah əsərinə çevirdi və 30 ildən çoxdur ki, bu sloqan dəyişməz qalır.

Risk almaqdan qorxmayan brend

2018-ci ildə Nike keçmiş NFL oyunçusu Colin Kaepernick-i kampaniyanın siması etdi. Kaepernick irqi ədalətsizliyə qarşı etiraz olaraq milli himn zamanı diz çökməsi ilə tanınırdı və bu hərəkəti ona NFL karyerasına başa gəlmişdi. Reklam posterində bu sözlər vardı:

"Believe in something. Even if it means sacrificing everything."
Yəni: "Nəyəsə inan. Hətta hər şeyi qurban verməli olsan belə".

Bu cəsarətli addım mübahisələrə səbəb olsa da, nəticə gözlənilməz oldu. 1 ayda brend dəyəri $6 milyard artdı. Nike-ın səhmləri 5% yüksəldi və onlayn satışlar 31% artdı. Bu, Nike-ın sadəcə idman deyil, sosial məsələlərdə də mövqe tutmağa hazır olduğunu göstərdi.

Tənqidlər və dəyişikliklər

1990-cı illərdə Nike Asiyadakı fabriklərdəki ağır əmək şəraiti səbəbilə kəskin tənqidlərə tuş gəldi. "Sweatshop" (tər sexi) adlandırılan bu fabriklərdə aşağı əmək haqqı, uzun iş saatları və pis şərait haqda reportajlar yayımlandı. Media, tələbə boykotları və ictimai təzyiqlər fonunda brend 1998-ci ildən başlayaraq şəraiti yaxşılaşdırmaq üçün ciddi addımlar atdı. 

Nike təchizat zəncirində şəffaflığı artırdı, minimum yaş həddini qaldırdı və işçi şəraitini yaxşılaşdırdı. 2005-ci ildə Nike təchizatçı fabriklərin tam siyahısını dərc edən ilk qlobal şirkətlərdən biri oldu. Bu, Nike-in daha məsuliyyətli brend olmağa yönələn ilk addımlarından biri idi.

Strategiya: Topdansatışdan birbaşa müştəriyə

Nike son illərdə ənənəvi satış modellərindən uzaqlaşaraq birbaşa müştəriyə satış (D2C) strategiyasına fokuslanır. 2017-ci ildə "Consumer Direct Offense" strategiyasını elan edən şirkət rəqəmsal kanallar vasitəsilə istehlakçılarla birbaşa əlaqə qurmağa başladı. 2021-ci ildə onlayn satışdan $5.5 milyard gəlir əldə edildi. 

2024-cü ildə isə struktur yenilənməsi məqsədilə 1600 işçinin ixtisarı ilə gündəmə gəldi. Bu şirkətin daha çevik və rəqəmsal dünyaya uyğunlaşmış struktura keçid cəhdidir.

CEO John Donahoe bu dəyişiklikləri belə əsaslandırdı:
"Yeniliklərlə dolu güclü planımız var. Olimpiada ilə başlayırıq".

Nike-in sirri: Brend hekayəsi yaratmaq

Nike-in uğurunun açarı yalnız ayaqqabılar deyil. Onlar emosional əlaqə quran, ruhlandıran və dəyərlərə toxunan bir brend hekayəsi yaradıblar. Nike təkcə "məhsul" satmır, hərəkətə keçmək üçün çağırış satır. Onlar hər kəsin içindəki atleti oyandırmağa çalışır.

Nike-ın reklamları həmişə qəhrəmanlıq, özünü aşma və maneələri dəf etmə hekayələri ilə doludur. Serena Williams, LeBron James, Cristiano Ronaldo kimi idman ulduzları ilə yanaşı, adi insanların da hekayələrini danışır. Brendin mesajı isə illər keçsə də dəyişməyib: Just Do It!

Nike-in hekayəsi bizə göstərir ki, uğur təkcə məhsul keyfiyyəti ilə deyil, baxış, fərqlilik və cəsarət ilə gəlir. Bu brend sadəcə bazara uyğunlaşmaqla kifayətlənməyib, onu formalaşdırıb.

Phil Knight-ın "Shoe Dog" adlı avtobioqrafiyasında dediyi kimi: "Əgər sizin bir məhsulunuz varsa, onu satmağa çalışın. Amma əgər sizin bir ideyanız varsa, onun üçün mübarizə aparın".

Əgər bir ideyanız varsa və ona inanırsınızsa, sadəcə başlayın. Kim bilir, bəlkə növbəti böyük brend sizin ideyanızdan doğacaq.