Apple Reklamlarında Saat Niyə Həmişə 9:41-dir?
Brend detallarında dəqiqlik
Apple təkcə texnologiya istehsalçısı deyil, həm də markalaşma dahisidir. Hər detal, hər təqdimat və hətta ekranda göstərilən saat belə təsadüfi deyil. İstər iPhone reklamına baxın, istər iPad təqdimatına - diqqət yetirsəniz, demək olar ki, həmişə eyni vaxtı görəcəksiniz: 9:41.
Bu sadə görünən detalın arxasında Apple-ın brend fəlsəfəsi, vaxta verdiyi önəm və Steve Jobs-un mirası dayanır.
Hər şey bir anla başladı: 9:41
2007-ci il. Texnologiya dünyası nəfəsini tutub Macworld Conference & Expo tədbirini izləyirdi. Səhnəyə Steve Jobs çıxır və deyir: "Bu gün Apple üç yeni məhsul təqdim edir… iPhone, iPod və internet kommunikatoru…"
Amma əslində bu üçü bir cihazda birləşmişdi: iPhone.
Jobs bu tarixi təqdimatı saat 9:41-də etdi. Elə həmin anda, arxada göstərilən iPhone-un ekranında da eyni saat əks olunmuşdu. Bu sadəcə təsadüf deyildi - bu, texnologiya tarixinin dönüş nöqtəsini əbədiləşdirən bir an idi.
"Keynote"lar necə planlanır?
Apple-ın keçmiş iOS rəhbəri Scott Forstall bu sirri belə açıqlayır: "Təqdimatları elə planlayırıq ki, əsas məhsul təxminən 40 dəqiqə sonra tanıdılsın. İstəyirik ki, məhsul ekranda göründükdə, cihazdakı saat salondakı insanların real saatı ilə üst-üstə düşsün. Amma saniyə-saniyə dəqiqlik mümkün deyil, ona görə bir dəqiqə önə çəkib 9:41 edirik".
Maraqlıdır ki, ilk iPhone təqdimatında planlaşdırılan vaxt əslində 9:42 idi. Lakin Jobs öz təqdimatını gözləniləndən bir dəqiqə tez bitirdi və beləliklə, 9:41 Apple tarixinə həkk olundu. Bu kiçik təsadüf sonradan şirkətin bütün marketinq materiallarında görünən sabit bir elementə çevrildi.
Marketinq baxımından bu nə deməkdir?
Peşəkar bir marketoloq kimi yanaşsaq, bu cür dəqiqlik Apple-ın brend strategiyasının nə qədər planlı və emosional olduğunu göstərir:
1. Simvolik detallar yadda qalır
Apple məhsulları istifadəçiləri təkcə cihazla təchiz etmir, onlar üçün bir hiss yaşadır. Həmin saat o tarixi anı xatırladır. Alıcının şüuraltında "ilk iPhone anı"nı daim canlı saxlayır.
2. Brend konsistentliyi
Dünyanın istənilən yerində Apple reklamına baxanda eyni vaxtla qarşılaşmaq brend birliyini və sabitliyini göstərir. Bu da istifadəçidə etibar yaradır. Apple-ın 2023-cü ildə dəyəri 880 milyard dollar olan brend dəyəri məhz bu cür detallara göstərdiyi diqqətlə formalaşıb.
3. Detala dəyər vermək = Premium imic
Apple bu cür kiçik, amma mənalı detallara önəm verərək məhsulunun "premium" və "düşünülmüş" olduğunun mesajını verir. Tədqiqatlar göstərir ki, istehlakçılar kiçik detallara diqqət yetirən brendlərə 28% daha çox ödəməyə hazırdırlar.
Bəs niyə keçən il iPhone 16 bazar ertəsi təqdim olundu?
Apple adətən yeni iPhone-ları cümə günü təqdim edir. Amma keçən il iPhone 16 bazar ertəsi, 9 sentyabrda təqdim olundu. Səbəb? Bir gün sonra, Avropa Komissiyası Apple-a qarşı mümkün 14 milyard dollarlıq cərimə qərarını elan etməli idi.
Bu cür neqativ fonla media gündəminə gəlmək istəməyən Apple tədbiri bir gün əvvələ çəkərək həm hüquqi diqqətdən yayındı, həm də informasiya axınını öz lehinə çevirdi. Bu, şirkətin yalnız məhsul təqdimatlarında deyil, böhran kommunikasiyasında da nə qədər strateji düşündüyünü göstərir.
Nəticədə Apple təsadüflərə yer qoymadı və bu ənənə hələ də belə davam edir.
9:41 sadəcə saat deyil. Bu bir brend hekayəsinin başlanğıcıdır, bir strateji yaddaş nöqtəsidir. Apple-ın hər reklamında, hər təqdimatında bu detal planlama, ehtiram və dəqiqliyin simvoludur.
Bir məhsulu təqdim etmək olar. Amma bir an yaratmaq? Bu Apple-ın işidir.