Bakı, Azərbaycan – Global Management şirkəti Bakı şəhərində start götürmüş “5-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin ziyarətçilərini öz geniş spektrli xidmətləri ilə tanış edir. Şirkətin xidmətləri maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat zənciri, İT, hüquq, insan resursları, gömrük, keyfiyyət təminatı və keyfiyyətə nəzarət kimi sahələri əhatə edir.
Global Management-in idarə heyətinin sədri Rövşən Nizamov sərginin əhəmiyyətini vurğulayaraq qeyd etdi: "Bu sərgi yerli şirkətlərin tanınması və potensial müştərilərlə tanışlıq baxımından yaxşı imkanlar təklif edir. Global Management olaraq biz autsorsinq xidmətlərimiz ilə şirkətlər üçün rəqabətədavamlı biznes mühiti yaradaraq, daha çox məhsuldarlıq əldə etmələrini və eyni zamanda, xərclərini optimalaşdırmalarını təklif edirik. Global Management hər kəsi 24-26 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən sərgiyə və ən əsası stendinə dəvət edir”.
Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirmək imkanı əldə edəcək. Tədbirin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaqla onlara yeni bazarlar açmaq və yerli şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Bu çərçivədə yerli şirkətlər innovativ məhsul və xidmətlərini sərgiləyərək potensial iş ortaqları və müştəriləri ilə təkbətək ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Global Management haqqında
Global Media Group-a daxil olan “Global Management” şirkəti beynəlxalq standartlara cavab verən idarəetmə sistemləri əsasında müştərilərin bizneslərinin inkişafı üçün yenilikçi və effektiv həllər təklif edir. Şirkət maliyyə və mühasibat uçotu, marketinq və satış, satınalma və təchizat zənciri, İT, hüquq, insan resursları, keyfiyyət təminatı və keyfiyyətə nəzarət, gömrük sahələrində autsorsinq xidmətləri təklif edir.